Posts Tagged ‘düşünülmüş nəzəriyyə’

«Öyrətmədən öyrənməyə keçid” kitabından.

Ön söz əvəzi
Yuliya Kərimova
Bakı ş. T.Həsənov adına 23 №-li eksperimental məktəbin sabiq direktoru.

Gördüyünüz bu kitab ölkəmizdə düşünülmüş yeni nəzəri yanaşmanın ilk təqdimatıdır və eyni zamanda yeni yanaşmanın təcrübədə tətbiqinin nümunələridir.
Fatma xanım Bunyatova Jan Piajenin koqnitiv tamlıq nəzəriyyəsini və Lütfizadənin “fuzzy logic”, yəni “qeyri-səlis məntiq” nəzəriyyəsini birlǝşdirərək pedaqoji ictimaiyyətin diqqətinə maraqlı bir yanaşma təqdim edir. Yeni yanaşmanın təklif etdiyi iki əsas məsələsi çox vacibdir. Birinci məsələ fənn kurikulumların yenidən nəzərdən keçirilməsi və fərqli strukturlaşdırılmasından ibarətdir. Praktik pedaqoqlar və metodistlər bilirlər ki, fənn kurikulumların tədris proqramlarında uyğunsuzluqlara və boşluqlara rast gəlmək olar. Fatma xanımın yeni nəzəri yanaşması bu uyğunsuzluqların və boşluqların aradan qaldırılması üçün zəmin yaradır və alternativ tədris proqramını təklif edir. Hazırkı kitabda ibtidai siniflərdə tətbiq olunan müasir Azərbaycan dili və Riyaziyyat fənlərinin tədris proqramlarının yeni strukturları təklif edilir.
İkinci məsələ odur ki, təqdim olunan yeni sturktura görə qurulmuş iki fənnin tədris proqramları üzrə dərs nümunələri təqdim olunur. Nəzəri yanaşma təcrübədən keçirilmiş, təhlil olunmuş, dərs planları və gedişatı diqqətinizə təqdim olunur. Dərslər 23 №-li məktəbin bir qrup ibtidai sinif müəllimləri tərəfindən 2017–2018-ci tədris ili ərzində planlaşdırıldı və təşkil olundu. Müəllimlər həm dərslərin planlaşdırılmasında, həm təşkilində, həm də dərsdən sonrakı müzakirələrdə birgə işlədilər. Müəllimlər birgə iş, əməkdaşlıq, fikir mübadiləsi, konstruktiv müzakirələr və qarşılıqlı əks-əlaqə kimi strategiyalar üzərində işlərini qurdular və beləliklə, peşəkar inkişafında ən uğurlu sayılan təcrübələrə yiyələndilər. Bu da onların peşəkarlıqlarının inkişafına böyük təkan vermiş oldu. Bilirik ki, inkişaf sərhədsizdir, onun üçün hər yerdə və hər insanda ehtiyac var.
Ölkəmizdə yaradılan pedaqoji ədəbiyyatda böyük boşluqlardan biri odur ki, biz öyrənmə və öyrətmə proseslərini mexanizmlərini izah etmirik. Bu problemi başqa sözlərlə desək, “şagird necə öyrənir?” sualı bizim ədəbiyyatda qoyulmur və cavab verilmir. Ədəbiyyatda müxtəlif öyrətmə yolları: təlim metod və üsulları barədə məlumat verilir, amma hər hansı öyrətmə üsulun məhsuldarlığı və effektivliyi müzakirə olunmur, müəlliflər nədən məhz bu üsulu tövsiyə etdikləri barədə danışmır, müəlliflər, sanki fərz edirlər ki, bütün üsullar öyrənməyə gətirib çıxarır.
İngilis dilli pedaqoji ədəbiyyata nəzər salsaq, görərik ki, “şagird necǝ öyrənir?” sualı ən vacib suallardan biridir, “bu üsulun məhsuldarlığını, effektivliyini mən necə ölçə bilərəm” kimi suallar daim diqqət mərkəzindədir. Əlinizdəki bu kitabda Fatma xanım Bunyatova özünəməxsus tərzdə iki böyük nəzəriyyənin dillərindən istifadə edərək, yaratdığı yeni yanaşma müstəvisində “şagird necə öyrənir» sualına cavab verməyə çalışır və şagirdin öyrənməsi üçün ən effektiv yollarını təqdim edir.
Bu kitab həm praktik pedaqoq və metodistlərə, həm pedaqogikanı tədris edən müəllimlərə, həm də tədqiqatçılara maraqlı olmalıdır, çünki burada təhsilimiz üçün yeni suallar qoyulur və bu suallara bir düzgün cavab yoxdur.



Baxış: 27