5 oktyabr — Müəllimlər günü
Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.
Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: «Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir».
Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!
Mənbə: www.mix.az
Baxış: 4891