28 May Respublika günü
Əziz həmvətənlərim, sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir. Məhz həmin gün — 90 il öncə 1918-ci il mayın 28-də böyük öndərimiz Məhəmmədəmin Rəsulzadənin liderliyi ilə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika — Xalq Cümhuriyyəti elan edilmişdir, lakin Azərbaycan Xalq Cumhuriyyəti (Respublikası) adlandırılan bu dövlət cəmi 23 ay ömür sürmüşdür. 1920-ci il aprelin 28-də rus ordusu (11-ci Qırmızı ordu) Bakını işğal etmiş və Azərbaycanı yenidən öz müstəmləkəsinə cevirmişdir.
Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikası yaradılmış və SSRI-nin tərkibinə daxil edilmişdir. Yetmiş il əsarət altında qalan Azərbaycan xalqı nəhayət 1991-ci ilin 18 oktyabrında bir daha öz müstəqilliyini bərpa etdi. Böyük öndərimiz Məhəmmədəmin Rəsulzadənin ən böyük arzusu — Azərbaycanı müstəqil görmək arzusu gerçəkləşdi. Bu gün Azərbaycan dünyanın siyasi, iqtisadi həyatında müstəqil ölkə kimi inamlı addımlar atır. Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət — 23 ay yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəngin dövlətçilik ən’ənələri yaratmışdır. Bütün ziddiyyətlərə və çətinliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını yaratmaq istiqamətində ciddi addımlar atılmışdır: türk dili dövlət dili e’lan edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli dəyərlərimizə arxalanan üç rəngli ( mavi yaşıl, qırmızı) dövlət bayrağı, dövlət himni qəbul olunmuş və dövlət gerbini hazırlanmışdır. Ölkəmiz öz müstəqilliyini yenidən əldə etdikdən sonra Azərbaycan Demokratik Respublikasının yaratdığı ənənələri layıqincə davam və inkişaf etdirir. Arzu edirik ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.
Sonda isə Məhəmmədəmin Rəsulzadənin sözlərini yada salmaq istəyirik: “…Cəmaət istiqlala o qədər munis olmuş, hürriyət və istiqlal fikri o qədər xalqın canına sinmiş, ruhuna işləmişdir ki, indi artıq istiqlal bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni istiqlalsız və dövləti hürriyətsiz təsəvvür edəmiyor..Bir kərə yüksələn bayraq bir daha enməz!!! İnsanlara hürriyyət, Millətlərə istiqlal !!!.»
Baxış: 1758