Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Fikir sıçrayışının (Breyrinq) tədrisə tətbiqi texnologiyası.

Dərsdə mövzunun doğurduğu mürəkkəb sualın alternativ variantlarını tapmaqda və həll etməkdə münaqişənin də ortaya çıxması təbii haldır.Bu münaqişə anında fəallıq forması kimi fikir sıçrayışı üsuluna da tez – tez müraciət olunur.Və əvvəlcədən deyək ki,bu üsul, metod ümumi şəkildə şagirdlərin öz daxili dünyalarına boylanma və baxmalarına müsbət təsir göstərir.Bundan savayı, problem suallı məsələnin həllində fikir sıçrayışı metodunun tətbiqi şagirdlərin yaradıcılıq potensiallarının inkişafına, onların öz fərdi düşüncələrini başqalarının (sinif yoldaşlarının) düşüncələrinə qarşı qoymağa, yeni – yeni təşəbbüslər irəli sürməyə misilsiz imkan yolu açır.Həmçinin fikir sıçrayışına müraciət üsulu, idrakın dərketmə növü kimi də problemin təhlilində şagirdlərin analitik və sitetik təfəkkürünün inkişafına dəyərli yardım göstərmiş olur.

Fikir sıçrayışının vacibliyini zəruriləşdirən dərslərdə şagirdlər içlərində yaşatdıqları, adi hallarda üzə çıxarmadıqları mülahizələrini birdən – birə, gözlənilmədən söyləyirlər.Burada onlar ortada olan faktla fakta dair mövcud mülahizələr arasında tutuşdurma, müqayisələr aparır və nəticənin doğru olub – olmayacağını nəzərə almadan qəfil olaraq öz qənaətlərini söyləyirlər.

1. Fikir sıçrayışlı dərsin quruluşu və aparılması. Dərsin aparılmasının hazırlıq mərhələsi.

Fikrin sıçrayışı metodundan istifadə yolu ilə məşğələ aparmağı dərsin qarşısına məqsəd qoyan müəllim texnoloji ardıcıllığı gözləməlidir.

Texnoloji ardıcıllıq:

  1. Müzakirəsi nəzərdə tutulmuş problem məzmunu mövzunu öncədən hazırlamaq.
  2.  Təhlilə cəlb olunacaq mövzunun adını lövhəyə yazmaq, yaxud yazılmış vərəqlərdə şagirdlərə paylamaq.
  3. Problemə dair söylənilmiş fikirlər haqqında şagirdlərdə təsəvvür yaratmaq (oxumaq üçün əvvəlcədən ədəbiyyat da tövsiyyə etmək olar).
  4. Fikir sıçrayışı üzərində qurulmuş dərsi elan və şərh etmək.

a)   Fikrin dəyişdirilməsinə heç bir cəhd göstərməmək;

b)   Şagird düşüncəsinə tam sərbəstlik vermək.Heç bir düzəliş aparmadan mövzu ilə bağlı fikirlərinə gələni söyləməyə imkan və şərait yaratmaq;

v) Fikrin və yaxud ideyanın məntiqini yasaq etmək;

c) İdeyanın yeniliyini, özünəməxsusluğunu dəyərləndirmək;

d) Deyiləni təkrar etməmək;

e) Danışanın sözünü kəsib hay – küy salmamaq;

q) Səmimiliyi gözləməlidirlər.

  5. Şagirdlərin fikir sıçrayışı yolu ilə söylədiklərini qeydə almaq.

   6. Söylənilmiş fikirləri qruplaşdırmaq.

a)  Təkrarları ixtisar etmək;

b) Söylənilmiş fikirlərin problemə aid olub – olmamasını diqqətlə nəzərdən keçirmək;

v) Mətləbə dəxli olmayan fikirləri ixtisar etmək;

q) Problemə aid ortaya çıxmış yeni fikirləri ayrıca qeyd etmək.

  7. Yeni ideyaların problemin həlli üçün alternativ variant olub – olmamasını sorğular əsasında müzakirə etmək.

İşin bu ardıcıllıqla aparılması ilə yanaşı, “b” bəndində belə də etmək olar.

a) Şagirdlərin hər biri fikir sıçrayışında gəldiyi qənaəti söyləmədən, elan etmədən sakitcə bir vərəqdə yazıb saxlayır;

b) Şagirdin fikir sıçrayışı yolu ilə söylədiyinə, elan etdiyinə yoldaşları heç bir reaksiya vermədən onun dediklərini müzakirə üçün vərəqlərə yazıb saxlayırlar.

Təcrübədə biz bütün bu deyilənləri sınaqdan çıxarmışıq.Amma nəticə göstərir ki, şagirdlər fikir sıçrayışı metodu ilə qurulan dəslərdə 14 – 15 nəfərlik qruplar halında işləməyə daha çox üstünlük verirlər. Dairəvi halda oturan şagirdlər bir – birini görür, emosiyalarını hiss edirlər.Həmin saylı qrupu müəllim də çox asanlıqla idarə edə bilir.Bu da səbəbsiz deyil.Çünki belə halda problemin həllinə daha yaxınlaşmaq olur.

2. Fikir sıçrayışı metodu ilə aparılan dərsin quruluşu.

Bu məqsədlə aşağıdakı şərtlərə əməl olunmalıdır:

a)  Sinif elə təşkil olunmalıdır ki, şagirdlərin hamısı bir – birini görə bilsin;

b) Mövzunun adı arxada dediyimiz kimi, ya lövhəyə yazılır, ya da vərəqlərdə şagirdlərə paylanılır.İkinci yol daha əlverişlidir.Çünki sinfin təşkili ilə bağlı şagirdlərin hamısı lövhəni görməyə də bilər;

v) Mövzu məşğələ iştirakçılarına birinci şəxsin dilindən çatdırılır.Təqdim olunmuş mövzu ilə yanaşı, şagirdlərin öz alternativ variantlarını təklif etmək hüquqları da vardır;

q) Problemin həllinə operativ olaraq yaxınlaşmaq üçün şagirdlər sual verib cavab almaq hüququna malikdirlər;

d) Suallara alınmış cavabları şagirdlər vərəqlərində yazırlar.

3. Fikir sıçrayışı metodundan istifadə etməklə aparılmış dərsə nümunə.

“Demokratiyanın əsasları” mövzusunda təklif etdiyimiz dərs maraq kursları dərslərindən biridir.Biz kursun “Uşaq hüquqları” bölməsində “Mən direktoram” mövzusunda breyrinq (fikir sıçrayışı) keçirməyi şagirdlərə təklif etdik.Əsas məqsəd yaranmış konfliktlərin həllində düzgün yolların axtarılıb tapılması və həlli idi.İstəyimizə hansı dərəcədə nail olduğumuzu özünüz qiymətləndirin.

“Mən direktoram”

Mən, məktəbin direktoru bu gündən iş üsulumu dəyişirəm.Qərara almışam ki, məktəb yalnız mənim buyurduğum qaydalarla işləməli, fəaliyyət göstərməlidir.Məktəbdə cəza tədbirləri sistem halını alacaq.Məhz mənim xoşuma gəlməyən, hətta adi hərəkətlərinə görə günahkar saydıqlarımı ciddi cəzalandıracağam.Şagirdin haqqı, hüququ nədir dediyimə əməl etməsin?!O, mən necə istəyirəm, elə olmalı, hər bir tapşırığımı, buyruğumu cınqırını çıxarmadan etirazsız – filansız yerinə yetirməlidir.Tətbiq edəcəyim qaydalara əməl etməyən hər bir şagirdi elə həmin anda məktəbdən qovacağam.Bəsdir, “mənim hüququm var”, “mənim haqqım var” iddiaları.Əlvida, demokratiya! Var olsun diktatura, avtoritarizm!

Dərsin quruluşu.

Problemin qoyuluşu: hansı üsullardan istifadə edərək məktəbdə yaranmış vəziyyəti aradan götürmək olar.

Təhlilə cəlb olunacaq mövzunu uşaqlara paylamaq.

Dərsin mövzusunu elan və problemi izah etmək.

Şagirdlərin fikir sıçrayışı yolu ilə söylədiklərini qeydə almaq.

Söylənilənləri qruplaşdırmaq.

Nəticəyə gəlmək.

Nəticədən nəticə çıxarmaq.

Mövzunun doğurduğu problemə fikir sıçrayışı ilə şagirdlərin cavabları.

—        Hamı çıxıb gedər, onda görək bu “mən, mən” deyən direktor boş məktəbdə kimə cəza verəcək, kimi öz buyuruq quluna çevirəcək.

—        Məktəbin bütün şagirdləri direktor fikrindən dönməyənə qədər, partaları döyüb fit çalmalı, haray – həşir  qoparmalıdır.

—        Məktəbin bütün şagirdləri oturaq tətil elan etməlidir.

—        Direktoru uşaq hüquqları, uşaq haqları haqqındakı mövcud sənədlərdə yazılanlara əməl etməyə çağırmaq.

—        Uşaq hüquqları komissiyasına təcili xəbər vermək.

—        Axı direktor niyə belə qərar qəbul etdi, buna bir səbəb var, ya yox?

—        Təhsil nazirinə, baş nazirə, hətta prezidentə teleqramlar göndərmək.

—        İmzalar toplayıb direktorun işindən çıxarılmasını tələb etmək.

—        Bütün ictimaiyyəti, valideynləri direktoru fikrindən daşındırmaq üçün ayağa qaldırmaq.

—        Televiziya, qəzet işçilərini məktəbə çağırıb, direktorun qərarını onlara danışmaq.

—        Qruplarla direktorun yanına gedib ondan qərarını dəyişdirməyi xahiş etmək.

—        Direktorun birdən – birə niyə belə qərara gəlməsini öyrənmək və tədbir görmək.

—        Direktorun kabinetini yandırmaq.

—        Nə yaxşı şeymiş.Yox, bir cəza.Ən yaxşısı məktəbi tərk etmək.

Şagirdlərin fikir sıçrayışı ilə mövzunun yaratdığı problemə münasibətləri, cavabları, göründüyü kimi, müxtəlifdir.Bu cavablar üzrə qruplaşma aparıldıqda belə bir mənzərə yaranır:

      1. Direktoru belə qərar qəbul etməyə gətirib çıxaran səbəbi müəyyənləşdirmək.

     2. Direktorun qərarını müxtəlif tədbir, aksiyalar yolu ilə ləğv etmək.

     3. Direktorun qərarına etiraz əlaməti olaraq məktəbi tərk etmək.

Belə bir dərs, yəni fikir sıçrayışı ilə aparılan məşğələ ilk növbədə şagirdlərin xarakter xüsusiyyətlərini dərindən öyrənməkdə mühüm əhəmiyyət daşıyır.Buradakı hər bir cavab müəllifi şagird dedikləri ilə öz iç aləmini, daxili hissələrini üzə çıxarmış olur.

Problemə bu cür yanaşma həmçinin şagird baxışlarının tədrici formalaşmasına, intellektual vərdişlərinin yeni məzmun kəsb etməsinə xüsusi impuls vermiş olur.

Şagirdlərin ümumiləşdirilmiş cavabları məhz elə onların özləri ilə birlikdə müzakirə edildikdən sonra yekun olaraq dərs qiymətləndirilir.

Mənbə: Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr Bakı 2008

Baxış: 1687

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe