Fevralın 14-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan təhsil naziri builki “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində sınaq dərsləri dinləniləcək 28 müəllimi (10 nəfər ibtidai sinif, 10 nəfər riyaziyyat, 8 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi) növbəti mərhələdə iştirak hüququna yiyələnmələri münasibətilə təbrik edib, sağlam rəqabətə əsaslanan bu müsabiqədə onların hər birinə nailiyyətlər arzulayıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin artıq dördüncü ildir ki, keçirildiyini vurğulayan nazir maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqələrin Azərbaycan dövlətinin təhsilə, təhsil işçilərinə müntəzəm diqqət və qayğısının əyani nümunəsi kimi səciyyələndirib. Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə bu il 425 nəfərin sənəd təqdim etdiyi, ekspertizanın nəticələrinə əsasən, onlardan 217 nəfərin növbəti tura keçdiyi barədə məlumat verərək bildirib ki, ötən illərdə olduğu kimi, bu il də iştirakçılar arasında say etibarı ilə ibtidai sinif (57 nəfər) və ingilis dili (35 nəfər) müəllimləri üstünlük təşkil edir.
Müsabiqənin seçim şərtlərinə diqqət çəkən nazir qeyd edib ki, əvvəlki illərdə iştirakçıların sayı çox olan fənlər üzrə (ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat və s.) bir neçə ekspert komissiyası təşkil edildiyi halda, bu il iştirakçıların sayından asılı olmayaraq, hər fənn üzrə yalnız bir komissiya təşkil olunub. Bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu vurğulayan Misir Mərdanov ekspert komissiyasının iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcəyini söyləyib.
Daha sonra təhsil naziri müəllimlərin sınaq dərslərinin dinlənilməsi üçün müvafiq qrafikin hazırlandığını və iştirakçıların sınaq dərslərindən bir gün əvvəl nazirliyə dəvət ediləcəyini nəzərə çatdırıb, eləcə də sınaq dərsləri təşkil olunan məktəblərin nümayəndələri ilə birlikdə müəllimlərin həmin məktəblərin şəraiti ilə tanış olacaqlarını bildirib. Sınaq dərslərinin mövzusunun müəyyənləşdirilməsi qaydası haqda məlumat verən nazir, həmçinin dərslərin 12 meyar üzrə qiymətləndiriləcəyini, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini söyləyib. Misir Mərdanov əlavə edib ki, bütün dərslərdə videoçəkilişlər aparılacaq və sınaq dərsi barədə komissiyanın rəyi dərsin təhlilindən dərhal sonra elan olunacaq. Nazir deyib ki, qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcək.
Təhsil naziri onu da bildirib ki, bu mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatda fəaliyyətinin əsas istiqamətləri, uğurları, təhsil problemləri, təkliflərini nəzərə çatdıra biləcək və iştirakçı müəllimlərin yekun balı hər mərhələdə əldə etdiyi balların toplanması ilə müəyyən olunacaq.
Sonra sınaq dərsləri dinləniləcək müəllimləri düşündürən suallar cavablandırılıb, müsabiqənin keçirilməsi ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: Təhsil Nazirliyi
Baxış: 2654
men ibtidai sinif ucun imtahan birde ne vaxt verilecek?