“İdrak proqramı”nın üfüqləri və yaxud XXI əsrin məktəbinin proqramı “
ŞamxəlilMəmmədov
«Fatma xanım Bünyadova …”. İki il bundan öncə bu adı, soyadı daşıyan müəlliməni Bakının Əzizbəyov rayonu xalq təhsili işçiləri, direktor müavini işlədiyi 26 nömrəli orta məktəbin müəllimləri, şagirdləri, bir də qonum – qonşular tanıyırdılar.Hər şey keçmiş İttifaqın yaradıcı müəllimlərinin Udmurtiyadakı yığıncağından sonra başladı.Həmin məclisdə güclü pedaqoji intellektualı bir sual düşündürürdü: müasir məktəbi gerilikdən, xaotik vəziyyətdən necə çıxarmalı? Bu 10 gün davam edən yığıncağa F.Bünyadova təsadüfən düşməmişdi: əvvəlcədən mətbuatda verilmiş elana görə müəllif məktəblərinin nümayəndələri öz ideyalarını yazıb göndərmişdilər. Fatma xanım da öz fikirlərini əks etdirən məktub göndərib məclisdə iştirak etmək hüququnu qazanmışdı. Tədbir keçirilən günlərdə odessalı müəllim A.Quzikin “Seçmə məktəbi” proqramına meyl göstərdi.Lakin bu proqramdan tezliklə üz döndərdi. Səbəbi … Bu barədə bir qədər sonra.Diqqətini məktəbin humanistləşdirilməsi və demokratikləşdirilməsi zəminində yenidən qurulması məsələsi cəlb etdi.Bunlar tədrisin strukturunda deyil, təlimin məzmununda əksini tapmalıdır.Bu istiqamətdə müəllim axtarışları başlandı.Ulu Nizami demiş, kimi dənizin dibində gövhər, kimsə sonsuz dənizlər axtarır. Fatma xanım XXI əsrin məktəbinin tədris plan və proqramını axtarışına başlamışdı… 2 illik axtarışın nəticələri haqqında Bakı Yaradıcı Müəllimlər İttifaqının üzvü, paytaxtdakı 46 nömrəli orta məktəbin nəzdində eksperimental siniflərin rəhbəri Fatmaxanım Bünyadova ilə “Azərbaycan müəllimi” qəzeti elm və tədris müəssisələri şöbəsinin müdiri, pedaqoji elmlər namizədi Şamxəlil Məmmədovun dialoqunda söhbət açılır. Ş.Məmmədov: – Fatma xanım , sizin təklif etdiyiniz sistem çağdaş dünya psixoloji elminin görkəmli nümayəndəsi, isveçrəli Jan Piajenin intellektik inkişaf nəzəriyyəsinə əsaslanır.Yanılmıramsa bu böyük alim intellektin və genetik epistemologiya konsepsiyasının yaradıcısıdır.O, “Uşağın nitqi və təfəkkürü”, “Elementar məntiqi strukturun genezisi” (İnelderlə), “Eksperimental psixologiya” (P.Fresslə) kitablarının müəllifidir.Siz onun psixoloji irsinə əsaslanmaqla təhsilin məntiqi üsulları sistemini işləmişsiniz və araşdırmalarınız bu gün də davam edir.Mən bilən siz ilk dövrlərdə A.Quzikin “Seçmə məktəbi”nə daha çox üstünlük vermişsiniz… F.Bünyadova: — İlk vaxtlarda qızğın təbliğatçısına çevrildiyim bu proqram şagirdlərə dərin bilik verməyə imkan yaradırdı, lakin şagirdin qazandığı bilik avtoritar rejim üsulu ilə (“bu gün bunu keçməliyik”) keçilirdi.Az sonra məsələnin mahiyyətini özüm üçün aydınlaşdırdım: bu metodla şagird şəxsiyyətinin tam inkişafı təmin olunmazdı. Ona görə də bu proqramı özümə doğmalaşdıra bilmədim.Məni təlimin məzmunu, onun hansı məntiqi əsaslar üstündə qurulması məsələsi daha çox maraqlandırırdı.İlkin araşdırma – eksperimentə yuxarı siniflərdə başladım, amirlik – avtoritar mövqedən müştərək yaradıcılıq mövqeyinə keçdim.Beləliklə, dərs vaxtı idrakın izinə düşmək imkanı reallaşdı və bu, idrakın tələb etdiyi hər şeyi: psixoloji baxımdan mərhələləri, pedaqoji cəhətdən isə didaktik vahidləri onun tələb etdiyi kimi düzməyə məcbur etdi.Beləliklə, biz şagirdlərlə bir tamlıq sxemi yaratdıq.Burada mənim rolum tamlıq sxeminə düşəcək elementin elmi cəhətdən düzgün xəttini çəkmək idisə, şagirdlər burada öz dünyagörüşləri, öz yanaşmaları ilə idraklarının imkanları vasitəsilə özlərini reallaşdıracaqdılar. Reallaşmanın optimal variantlarını axtararaq vahidlərin inteqrasiyasına gəlib çıxdıq.Bu, məni yeni bir təfəkkür mərhələsinə — müasir təhsil sistemində tətbiq olunan şaquli inteqrasiya ilə yeni üfüqi inteqrasiyanın müqayisəsinə çıxardı. Ş.Məmmədov: – Həmin prosesdə fərdi yaradıcılıq qabiliyyəti əsas götürülür.Bu prinsipə görəistənilən yaş dövründə istənilən biliyi mənimsətmək olar.Sizin sistemlə işin ilkin öyrənilməsi göstərir ki, sizdə təbii yol əsas götürülür.Siz evolyusiyanı əsas götürürsünüz.Əzbərçilik yox, dərk etmək, anlayışı təfəkkürdə saxlayaraq onu stabil struktura çevirmək başlıca tələb kimi çıxış edir.Başqa cür desək, sizin tədris – təhsil sisteminizdə fənlər arasındakı əlaqəni, qanunauyğunluğu dərk etmək başlıca prinsip – tələb kimi çıxış edir.Ötən ildən sizin iş yerinizin ünvanı dəyişib və siz artıq Bakının Nəsimi rayonundakı 46 nömrəli məktəbdə çalışırsınız.Bir işin nəticələri barədə deməyə, yəqin ki, sözünüz var. F.Bünyadova: — 46 nömrəli məktəbdə nazirliyin 183 nömrəli əmri ilə üç sinifdə idrak proqramı ilə tədrisə başldıq.İki birinci sinifdə və bir beşinci sinifdə “İntellekt məktəbi” təşkil olundu.Hər bir uşağın idrakını inkişaf etdirməsi, şagirdin özünün öz dünyasını aşkarlaması üçün şərait yaratmaq idrak proqramı ilə təhsilin əsasında durur.Bilirsiniz, sinifdə şagird, necə deyərlər, sadəcə olaraq müəllim deyənləri öyrənmir, verilən istiqamətdə özü bilik qazanır.Bütün proqram materialları kodlaşdırılıb,məntiqi cəhətdən qruplaşdırma aparılıb, təsnifat verilib, məntiqi birləşmə təmin olunub.Prosesdə didaktik vahidlər rol oynayır. İsim nədir? Bu suala cavab olaraq deyilən sözlərlə kifayətlənilmir, həm də hansı səslərdən ibarət olması məsələsi də nəzərə alınır, fonetik, leksik, sintaktik təhlil aparılır. Hər bir təhsil məqamında şagird təfəkkürü işləyir, onu dar, məhdud çərçivədə qapanıb qalmaq təhlükəsi gözləmir.Onun idrakının mobilləşməsi istiqamətində iş görülür.Məsələn, şagirdlər adi gəzintidə olurlar.Onlara bu gəzintinin təəssuratları haqqında inşa quraşdırmaq tapşırılır.Bu inşalarda bilirsiniz nələr olur?Yaxud “İnsan kosmosda” adlı söhbət keçirilir.Onlar o qədər planet adı çəkir, özlərinin xəyalən düşdükləri vəziyyəri elə təsvir edirlər ki … “Bu mənəm, üstəgəl bu mənəm, bərabərdir bu bizik”… Bu ideya ətrafında araşdırmalarınız davam etdikcə uşaqların mənəvi dünyası açılıb aşkarlanır. Ş.Məmmədov: – Məlumatımız var ki, sizin siniflərinizdə təhsil alan uşaqların valideynləri tədris – maddi baza yaratmaq üçün həqiqi mənada fədakarlıq edirlər.Onlar sponsorluq edir, maliyyə çətinliklərində əməli kömək göstərirlər.Niyə də maraq göstərməsinlər? Bir halda ki, sizin tədris planınız və proqramınız üzrə iş şagirdin yatmış genetik potensialını hərəkətə gətirir, qan yaddaşını oyadır, — bu qan yaddaşında Nizami, Nəsimi, Tusi, Bəhmənyar kimi dühaların izi var, — bu proqram üzrə iş prosesində indi ibtidai sinifdə oxuyan Azərbaycanın sabahı haqqında ciddi, məntiqi qanun əsasında fikir yürüdür, deməli, valideyn maraq göstərər. Və söhbətimizin sonunda mümkünsə tədris planınız barədə bir neçə kəlmə söhbət açsanız pis olmazdı.Ümumiyyətlə, sizin “İntellekt məktəbi”nin parametrləri çoxlarını maraqlandırır. F.Bünyadova: — İdrakın inkişafı, Şərq fəlsəfəsinin tamlıq, Qərb fəlsəfəsinin hissələrə parçalama prinsipləri, şəxsiyyətin fomalaşması, mənəvi azadlıq, islam əxlaqi dəyərləri təhsil sistemində xüsusi yer tutur. “İntellekt məktəbi” birinci və ikinci inkişaf mərhələsindən ibarətdir. “Uşaqlıq məktəbi” adlanan birinci mərhələ üç sinifdən ibarətdir.Burada ana dili, Azərbaycan dili, xarici dil, riyaziyyat dili, ikinci və üçüncü xarici dil, informatika öyrədilir, bu “insan” bölümü adı altında birləşdirilir. “İnsan və cəmiyyət” bölümündə ədəbiyyat, tarix, təsviri incəsənət, musiqi, epologiya (“mən elmi”), bədən tərbiyəsi (bölmələr üzrə qəbul əsasında), əmək həm birinci, həm də ikinci mərhələdə (bu mərhələdə daha çox saat ayrılır); “Təbiət” adlı bölümdə əsasən V, VI, VII, VIII siniflər əhatə olunur və coğrafiya, biologiya, kimya, fizika və astronomiya öyrədilir.Hər iki mərhələ üçün əsasən həftədə bir saat olmaqla islam əxlaqi, ilahiyyat, tətbiqi əmək, biznes dərsi, ritmika, musiqi, rəqs fakultativ fənlər kimi tədris edilir. Ş.Məmmədov: – Əlbəttə, bir söhbətdə təhsil sisteminizin mahiyyətini geniş açmaq, təhlil etmək imkan xaricindədir.Bir maraqlı cəhəti qeyd etməklə kifayətlənmək istərdim: sizin şagirdlər, tutalım, təbiətlə bağlı hekayələr düzüb qoşurlar, yaxud hərəsi bir məlumat oxuyurlar.Sonradan bu məlumat növbə ilə sinifdə danışılır.Beləliklə, bir nəfərin bildiyi 15 nəfərin bilgisinə çevirilir, fikir ictimailəşdirilir.Və söhbətin yeni dərs ili ərəfəsinə təsadüf etməsi ilə bağlı bilmək istərdim: yeni ildə sizin təhsil sisteminizdə iş necə təşkil olunacaq? F.Bünyadova: — Mənim təhsil sistemimlə Sverdlovsk, Kalininqrad, Samara və başqa şəhərlərdə iş aparılır.Nazirlik dövlət sponsoru kimi 46 nömrəli məktəbdə bu sistemlə işləyən siniflər açmağı planlaşdırmışdır. Rusiyanın daha bir neçə məktəbində “XXI əsrin məktəbinin proqramı” adlanan proqramla iş aparılır.Bu proqramla YUNESKO – nun maraqlanması özü sistemin az – çox dəyəri haqqında təsəvvür yaradır.Proqram bu ilin yayında Danimarkada alternativ proqramlar konfransında müzakirə olunub və Avropa – Asiya alternativ mərkəzinin kompyuter yaddaşına salınıb.Danimarka mərkəzinin müəllimlərinin təşəbbüsü ilə 1993 – cü ilin aprel ayında Bakıda məntiqi Danimarka – ingilis – alman dili dərsliyi hazırlanacaq və biz özümüz də yanvar ayında Skiva (Danimarka) şəhərində bir həftəlik seminar aparıb şagirdlərin idraki prosesini əyani surətdə göstərəcəyik.Sağlıq olsun, qarşıda çox iş durur. Ş.Məmmədov: – Ulu Tusinin “Əxlaqi – Nasiri” kitabında fəzilətlərdən geniş söhbət açılır və sizin tədris sisteminizdə bunlar xüsusi öyrədilir.Məncə, yaradıcı əməyin fəziləti daha əbədi və təsirli olur.Bu fəzilətdən doğan sevinc və həzz əbədi sərvətiniz olsun… mənbə “Odlar yurdu” qəzeti, 3 sentyabr 1992 – ci il
Baxış: 1600