Deyilən söz yadigardır…
Fatma xanım Bünyatova.
Vaxtı ikən “İdrak məktəbi”ndə ədəbiyyat müəllimi işləmiş, onun proqramının həyata keçirilməsində əvəzsiz rolu olmuş professor, əməkdar elm xadimi və ən əsası yenilikçi müəllim olan Bəhlul Abdullanın sevimli deyimi idi.
İndi onun öz sözləri də “deyilən söz yadigardır” cərgəsinə keçdi, orada özünəməxsus yer aldı.
“İdrak məktəbi”ndə işlədiyi dövrdə Bəhlul müəllim bir ədəbiyyat müəllimi kimi yox, bir folklor sevgisi olan müəllim kimi öz şagirdlərində şifahi xalq ədəbiyyatına böyük məhəbbət oyatmışdı. Onda dərs zamanı bədahətən gələn uşaq bayatıları şagirdlərdə özlərinin bu bayatıya bayatı qoşmaq bacarığı, görümü, duyğusu yaradırdı. Dərs çərçivəsindən çıxaraq bir ədəbi yaradıcılıq mərhələsi keçərək hər bir şagirdin körpəlikdə, uşaqlıqda , nənə babaları tərəfindən ötürülən, gördükləri və götürdükləri obrazlardan müəllimin onlara ərmağan etdiyi biliklərdə özünəməxsus obrazlar yaratmaq olurdu.
Bəhlul Abdulla bir yenilikçi müəllim kimi ilk dəfə olaraq Azərbaycan pedaqoji mühitinə pedaqoji texnologiyalar anlayışı və onun tətbiqi üsullarını gətirmişdi. Onun 2000-ci ildə F.Bunyatova ilə birlikdə yazdığı “Təlim və tərbiyədə interaktiv texnologiya” kitabı özündə bu gün Azərbaycan təhsilinin islahatının əsas istiqamətlərindən birinin dərs prosesində tətbiqini özündə ehtiva edir.
İlk dəfə olaraq ədəbiyyat dərslərində rollar üzrə oyun metodu,” Şagird “Mən”inin öyrənilməsində “Mənim ilk kitabım” mövzusunun tədrisi təcrübəsi Bəhlul müəllimə məxsusdur.
Şagirdi Könülün, iç dünyasının necə qurduğunu izləyən Bəhlul müəllim şagirdinin dünyanın sirrini anlamadığını, amma bu sirri öz beynində əks etdirdiyini onun şerində görürdü.
Onu doqquza vursaq eyləyər doxsan,
Qorxa-qorxa söyləyir Əliyev Orxan.
Başa düşmədim axı, nədir bu “Xəbər”,
Müəllimdən soruşur qısasaç Əsmər.
Dünyamızın bu böyük gölüdür Xəzər,
Belə deyərək Abbas o, hey sinifdə gəzər.
Bu gün növbətçi mənəm, dedi balaca Məsim,
Yoxsa eşitmirsiniz, sizlərə çatmır səsim.
Nigar şer söyləyir, iki Rəhim baş-başa,
Günayla Günel deyir: nola Nigar çaşa.
Dostlar haqqında bunlar azdan da azdı,
Bircə gün gördüklərini Könül dəftərə yazdı.
Bəhlul müəllim dövrün nəbzinə uyğun dərsini aparırdı. O şagirdlərinə bir dost idi, onları özünə tərəf müqabili sayırdı, onları bir şəxsiyyət kimi yetişdirirdi. Qərinələrdən gələn, nəsildən-nəslə ötürülən vətən sevgisi, doğma dilə sevgi hər bir dərsdə ədəbi surətlərlə şagirdlərə ötürülürdü, onlarda vətənimizə, doğma dilimizə böyük məhəbbət yaradırdı.
Və bu hisslər, bu oyanışlar onun vaxtı ilə dərs dediyi və hal hazırda yaşayıb yaradan şagirdlərinin qəlbində bir əbədi nişanədir.
Baxış: 2538
Dədə Qorqudumuzu itirdik.
Bəhlul müəllimlə ilk tanışlığım demək olar ki, mənim uşaqlıq dövrümə düşür.Hardasa 5-6 yaşım olardı.Atamın ən yaxın dostlarından biri olduğu üçün bizə tez- tez gələrdi.O zaman onun kim olduğunu belə dərk etmirdim.Amma zaman keçdikcə, yaşımın üstünə yaş gəldikcə onu daha yaxından tanıdım.Xeyirxah, zəhmətkeş, səmimi və olduqca zarafatkeş olan Bəhlul müəllimə getdikcə daha çox isinişdim.Ona artıq Bəhlul əmi deyə müraciət etməyə başladım.
Azərbaycan Dillər Universitetində təhsil aldığım dövrdə bir çətinliyə düşdüyüm zaman tez ona zəng edib məsləhət alardım.Heç zaman köməyini əsirgəməzdi. Universiteti bitirdikdən sonra isə məhz o məni Fatma xanım Bünyatovanın «İdrak məktəbi»nə gətirdi.Müəllimlik fəaliyyətimə onun xeyir-duası ilə başladım.Bəhlul müəllim də bu məktəbdə dərs deyirdi.Onunla bir kollektivdə çalışmaq mənim üçün fəxr idi.Sevincimin həddi-hüdudu yox idi.Alim, filoloq kimi tanıdığım bu insanı başqa yöndən də tanıdım.O əsl pedaqoq və dost idi.Onunla hər gün işdə görüşür, söhbətləşir, hətta dərdləşirdim.Kollektivdə hamımızın sevimlisi idi.Hamının ona böyük hörmətlə yanaşdığı aydın sezilirdi.
Bəhlul müəllim folklor aləminin Dədə Qorqudu idi.O bəyaz saçları, nurani, xoş siması və ən əsası müdrikliyi ilə həqiqətən də Dədə Qorquda bənzədilirdi.Biz onun ölümü ilə dövrümüzün Dədə Qorqudunu itirdik.Ancaq əminəm ki, Dədə Qorqud kimi Bəhlul Abdulla da daim yaddaşlarda həkk olunacaq.
Onun nə vaxtsa aramızdan gedəcəyini və bu yazını yazacağımı ağlıma belə gətirməzdim.Kaş ki, sağlığında ona ünvanladığım bütün xoş sözləri onun özünə deyə bilsəydim.Nə edək ki, Tanrının sizə verdiyi ömür payı bura qədərmiş.Siz sizi sevənlərin daim qəlbindəsiniz.Siz xoşbəxt insansınız, çünki sizi bu qədər sevənlər var.Sizi heç vaxt unutmayacağam!
Sönməz Abbaslı
31.03.2011