Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Innovasiya, innovativ müəllim və innovativ məktəb

 Bakı ş. 225 saylı orta məktəbin müəllimi

Məmmədova Nərgizin məruzəsi

                                       

2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının başlıca məqsədi müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla, onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməkdir. Milli strategiya, inkişafın innovasiya mərhələsinə keçilməsini rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasını və inkişaf dinamikasının sürətləndirilməsini başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.

Son 4-ildə Respublikanın ibtidai məktəblərində təhsil standartı olan Yeni Kurikulum tətbiq olunur, yeni nəsil dərsliklər cap olunur, dərslərdə müəllim-şagird münasibətini dəyişmək üçün fəal təlimi tətbiq etmək tövsiyə olunur.  Ümumiyyətlə, Respublikada  aparılan islahatlar innovativ xarakter daşıyır. Yeni tədris planları, təlim texnoloqiyalarından, İKT-dən istifadə edilməsi, qiymətləndirmənin yeni meyarları, elektron məktəb layihələri və.s. bunlar hamısı bir yenilik kimi, bir innovasiya kimi məktəblərdə tətbiq edilir.

Bununla yanaşı yeni anlayışa  əsaslanan dərsliklərin faydalı əmsalı, müəllimlərin bu dərsliklərlə işləmə səviyyəsi, şagirdlərin təlim fəaliyyəti  araşdırılmalı, nəyi nəyə dəyişdirdiyimiz ciddi təhlil edilməli, yeni istiqamət və strategiyalar qurulmalıdır.

 İnnovasiya bir pedaqoji fəaliyyət olaraq təhsilə yenilik gətirir, təhsil prosesinin  təkmilləşdirilməsinə  xidmət edir. Pedaqogikada İnnovasiya iki yanaşmadan ibarət olub, qabaqcıl pedaqoji təcrübənin nəticəsi kimi, pedaqoji ustalıq və şəxsi yenilik kimi  araşdırılır:  birincisi, adətən  innovasiya, yenilik dövründən sonra uzun mubarizələrin nəticəsi kimi cəmiyyət tərəfindən tətbiq edilməsi ücün  bir model olaraq qəbul olunur ( bunun əsasında sonralar yeni pedaqoji texnologiyalar yarana bilər). Ikinci  yanaşmada isə innovasiya yenilik kimi qəbul olunmayaraq birinciyə arxalanır.  Kazan araşdırmacısı İ.Qareeyev belə bir nəticəyə gəlmişdi ki “ 20 -ci əsrdə  metodik sistem, müəllif məktəblərini yaratmış üc qrup novator müəllim olub. Əsrin əvvəlində S.Frene, M.Montessori, D.Düi, R.Şteyner, S.T.Şatski,  М.М. Pistrak ,А.Smacarenko və başqaları. Əsrin ortalarında V.S.Suxomlinski, Ş.Amonaşvili, L.Zankov,V.V.Davıdov , C.Lısenkova və s.  XX əsrin axırında  Y.Konarjevski, O.Cametis, Q.Qabdulin, V.Şatalov, V.Dyacenko, Q.Lozanov, F.Bunyatova , P. Erdniyev və başqaları olmuşlar (2008)

Professor Y.Kərimov “Təlim metodları” (2009) kitabında yazır: “Keçən əsrin axırlarında praktik novator müəllim Fatma Bünyatova yeni interaktiv texnolqiyanın üzərində işləmişdir. O, bu gün yeni kimi səslənən bir cox məsələləri qeyri dəqiqliklərə yol verməklə  bir qədər səthi olsa da 10-15 il əvvəl qoymuş və müəyyən nəticə almışdır.

Azərbayacanda kecirilən təhsil islahatları- İbtidai məktəb Kurikulumunun tətbiqi fəal təlim üsüli ilə həyata kecirilir –bunlar  şagird fəaliyyətlərinin cütlükdə, qruplarda qurulan işləridir . Bu işlər müzakirə, beyin həmləsi, Ven diaqramı, ziq-zaq və s. formalarda olur. Bu fəaliyyət zamanı şagirdlər  bilik axtarışında olaraq daha cox məlumat toplaya bilib, onu tədris prosesində tətbiq edirlər. Bü da ənənəvi sovet pedaqoqikasınin bilik, bacarıq və vərdişin yaradılması prinsipinə   uyğun gəlir. Fərq ancaq ondadır ki, əvvələr müəlllim ən səmərəli metodlardan istifadə edərək bilikləri şagirdlərə ötürürdüsə,indi o, şagird fəaliyyətini quraraq onlara bu fəaliyyətdə bilik toplamaq ücün şərait yaradır. Bu təlimlə fəaliyyətdə olan şagird fəal olur, verilmiş istiqamətlər üzrə hərəkət etmək bacarığına yiyələnmiş olur.

Lakin müasir zamanda elmin, texnologiyaların inkişafı çox surətlə gedir. Cəmiyyət  bu inkişafla balans yarada  bilmədiyi üçün, məktəb qarşısında yeni tələb və məqsədlər qoyur. Ona görə də bugünkü sürətli inkişafla ayaqlaşmalı olan  gənc nəsil geniş çeşidli bilik daşıyıcısi yox, biliklərini yeniləşdirib yeni keyfiyyətə qaldırmağı bacaran yaradıcı təfəkkürlu bir şəxsiyyət olmalıdır.  Bu o deməkdir ki, məktəb qarşısında qoyulan məqsədə catmaq ücün, garşıya çıxan məsələləri həll etmək üçün yeni texnologiya, yeni yanaşma, yəni innovasiya  seçib təlimdə tətbiq edilməlidir.

Təfəkkürün inkişafına yönəlmiş təlim texnologiyasına konstruktiv təlim deyilir. Bu texnologiya ilə dərs keçiriləndə müəllim şagirdlərə öz biliklərinə və təcrübələrinə istinad edərək yeni biliklərini yaratmağa şərait yaradır. Əgər fəal təlimdə şagirdlər fəal olaraq bilik axtarışındadırlarsa, konstruktiv təlimdə onlar interaktiv fəallıqda olaraq təfəkkür əməliyatları aparırlar.

Əgər biz təfəkkürə əsaslanaraq təlim qursaq, onda təlim prosesinin gedişatını dəyişdirərək onu yeni bir keyfiyyətdə görmüş olarıq. Konstruktiv təlimi təbliğ edən, onun əsasında dərs qurmağı öyrədən bir mərkəz var. Bu, “Konstruktiv təlim mərkəzidir”.

Bəs bu innovasiyaları gətirən kim olmalıdır? Müəllim.Yeniliyi tətbiq edən müəllim –innovativ müəllim olur. Onu hara  gətirməlidir? -Məktəbə. Deməli, onda məktəb avtomatik innovativ rejimə keçir. Bəs bunları hardan öyrənməli?

Əlbəttə, bu yeniliyi yaradandan, onun məktəbindən, onun davamçılarından öyrənmək olar.

Bu nöqteyi-nəzərdən məktəb müdiriyyəti məni Konstruktiv təlim mərkəzində informal və qeyri-formal təhsil almağı məsləhət gördü. Burada bir həftəlik treninq keçərək ,elementar olaraq riyaziyyat dərsində təfəkkürün inkişafı istiqamətində konstruktiv təlimlə qurduğum və apardığım dərslərdən nə alındı?

  1. Şagirdlərin fəaliyyətini dəyişdirərkən onları yeni bir formada gördüm: fəallıqlarını, düşüncə tərzlərini əsaslandırmalarını, yaradacılıqlarını və.s.

Və ən başlıcası o idi ki, bu vaxta qədər passiv olan şagird belə öz fikirini ifadə etməyə çəkinmirdi.

 

  1. Şagirdlər qoyulmuş məntiqi  suallara əsaslanaraq , öz biliklərini yaradırdılar. Birinin cavabı dolğun, digərinin cavabı ondan fərqli olaraq qısa olurdu, lakin bununla  o, fikrini çatdırmağa çalışırdı. Konstruktiv təlim ilə qurulan bir dərsdən nümunə gətirmək istəyirəm:

                      5ci sinif “3-ə və 9-a bölünmə əlaməti”.

Dərsin məqsədi şagirdlərin bu rəqəmlərə bölünmə əlamətləri haqqında anlamlarını aşkar etmək və onları genişləndirmək idi.

Dərsi komandalara bölməklə başladım. Əvvəlcədən hər stolun üzərinə hərəsində bir misal yazılmış 4 vərəq qoydum. Uşaqlar misalları həll edərək cavablara uygun yerlərini dəyisdilər. Bu təlim fəaliyyətində  bir dəqiqə ərzində 30 misal həll edildi; şagirdlər bir-birinə köməklik edirdilər, sinifdə asta danışıq bacarığına yiyələnirdilər və s.

Bundan sonra onlara ilk sualım bu oldu.

Siz əlamət  deyəndə nə başa düşürsünüz?

 Cavablar müxtəlif  idi. Uşaqlar əlaməti boyla, buxunla, görunuşlə,nitq hissəsi olan sifətlə əlaqələndirdilər.

 Amma riyaziyyata gəlib çıxmadılar. Mən onda belə bir məntiqi kecid etdim:

Əgər say əşyanın miqdarını bildirirsə, əşyanın miqdarı ədədlərdirsə, onda ədədlərin əlamətini deyə bilərsinizmi?

Cavab: Ədədlər tək, cüt, bərabər, kiçik və böyük və.s olur

    Diqqətlə  bu ədədlər sırasına baxaq: 3,6,9,12,15,18. Vurma cədvəlinə görə 3×1=3 ;3×2=6 ;3×3=9 ve.s bu cədvəlin öz qanunauyğunluğu var. Siz bilən bu sırada qanunauyğunluq hansıdır ?

 Cavab:

1. Bu vurma cədvəlidir;

 2.Ədədlər üç-üç artır.

Indi bunun qanunauyğunluğunu axtaraq. Əgər eyni əməl bu sirada özünü təsdiq etsə, qanunauyğunluq tapılar.

-Hansı riyazi əməllər var? – Vurma,bölmə,toplama,çıxma.

Şaqirdlərə bir şərh verirəm: təkliklərin qarşısında daima sıfır onluq olur, o göstərilmir.

Birinci vurmadan başlayaq. 0x3=0; 0x6=0; 0x9=0; 1×2=2; 1×8=8

 Vurma əməli alınır?

-Yox

— Bölmə vurmanın tərsi olduğundan o  alınacaq ya yox?

-Yox

Indi toplama əməli aparaq:

0+3=3, 0+6=6, 0+9=9, 1+2=3, 1+5=6, 1+8=9, 2+7=9 ,1+8=9; 2+7=9

Sual: Bu cərgədə siz nə görürsünüz? hansı əlamət təkrar olunur?

Cavab: Ədədlərin rəqəmlərinin cəmi 3-ə bölünür.

Bu qanunauygunlugu necə ifadə etmək olar ?

Cavab: Əgər ədədlərin cəmi 3 -ə bölünürsə  onda bu ədəd 3-ə bölünür.

Alınan anlamı biliyə cevirmək üçün komandalara misallar verirəm və onlar bu misalları araşdırdıqları qanunauyğunluqla həll etdilər.

9 -a bölünmənin əlamətlərini tapmaq şagirdlərə cətin olmadı.

Onların qarşısında belə bir məntiqi şərt qoydum:

Əgər 9  3-ə bölünürsə siz bilən 3-ə bölünmə əlamətləri 9-a tətbiq edilə bilərmi? Cavablar təzadlı olduğuna görə araşdırma aparmalı olduq.

—9,18,27,36,45,63,72,82,90,99,369….

Verilən ədəd sırasında  ədədlərin rəqəmlərini toplayıb 9-a bölərək belə bir qənaətə gəldilər ki: “əgər ədəddəki rəqəmlərin cəmi 9-a bölünərsə onda bu  ədəd 9-a bölünər”

                                                                                   3;1;5

Sonra şagirdlərlə  9 ədədin tərkibini araşdırdıq.  9      1;8

                                                                                    2;7

Belə bir nəticəyə gəldik: 9 tərkibində olan ədədlərin birliyi 9-a bölünür.

Və komandalara 9-a və 3-ə bölünən ədədləri fikirləşib yazın deyəndə onlar bu sadə usullarla coxlu ədədlər yazdılar. Beləliklə onlar həm özlərinin yeni bilklərini qurdular, həmdə coxlu misal yaratdılar.

Və sonda mənim və 2 şaqirdin bu dərsdən sonrakı qənaəti:

Mən belə bir qənaətə gəldim ki, şagirdlərə hazır bilik verməkdənsə, onları bilik qazanma yoluna salmaq daha da yaxşıdır. Bu yol isə məntiqi əsaslarla qoyulan sual-cavab yoludur!. Bu yol düşüncə yoludur!.

 Sinifdə sona qalan 2 şagirdə belə bir sual verdim:

Bu dərs sizin xoşunuza gəldimi?

-Müəllim, siz bizə hec dərs danışmadınız.

— Müəllim, cox maraqlı idi, biz özümüz qaydanı tapdıq.

Hər bir yenilik bu şagirdlərin timsalında bu cür görünür: biri onu o saat dəyərləndirib qəbul edir , o birisi isə onu görməyərək əvvəlkini axtarır.

     Istifadə olunan ədəbiyyat

1.Инновационные процессы в педагогике

rcdu.narod.ru/nk11/lection_1_10.doc

 

2. Y.Kərimov “Təlim metodları” Bakı-2009

3. F.Bunyatova “Konstruktiv təlimin mahiyyəti, prinsipləri və dərsdən nümunələr” Bakı-2008

4.Ə.Əlizadə “İdrak prosesləri və hisslər” Bakı-2006

5. M.N.Yaqubov, A.B.İbrahimov “Riyaziyyat 5-ci sinif üçün dərslik”  

 

Məruzə “Riyaziyyat aylığı” cərcivəsində kecirilən tədbirdə edilmişdi.

Baxış: 16524

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe